108

Çağrı mərkəzi

Cərimələr

Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsindən çıxarış

 

Maddə 192. Əmək qanunvericiliyinin pozulması

 

192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə (162-1) əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması

 

602.1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə -

vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

602.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulmasına, yəni:

602.2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;

602.2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına verilməməsinə;

602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə -

vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına görə -

vəzifəli şəxslər 500 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -

vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

 

İnzibati Xətalar Məcəlləsinin 602-ci maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış

Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi

 

162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —

7000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

162-1.2. Eyni əməllər təkrar törədildikdə —

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Qeyd:

1. Bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, 10 nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

2. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir

3. Şəxs bu “Qeyd”in 2-ci bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız 1  dəfə azad edilir.

 

 

Azərbaycan Respublikasının  Vergi Məcəlləsindən çıxarış

Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.