108

Çağrı mərkəzi

1 saylı “ASAN kommunal”da Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi fəaliyyətə başlayıb

  1 saylı “ASAN Kommunal” mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb. Xidmət pəncərəsi vasitəsilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə və təbliğat kampaniyaları haqqında, həmçinin “Tikinti Monitorinq Sistemi”nin fəaliyyəti, ondan istifadə qaydaları və əmək qanunvericiliyi üzrə məlumatlandırılma işi aparılacaq.

 

  Bu barədə KİV-lərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov məlumat verib.

 

  O, bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanı ilə tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb.

 

  Fərmana əsasən, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar tədbirlər barədə genişmiqyaslı maarifləndirmə, məlumatlandırma və təbliğat kampaniyasının keçirilməsi, kütləvi informasiya vasitələrində qeyri-rəsmi məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması, eləcə də, videoçarxların, stendlərin, broşürların, məlumat vərəqələrinin hazırlanması və nümayişi də nəzərdə tutulur.

 

  F.Cəfərov vurğulayıb ki, mərkəzə tikinti sektorunda çalışan vətəndaşların əmək müqaviləsi ilə işləməsinin təmin olunması, onların sosial təminatlardan yararlanması, eyni zamanda, qeyri-rəsmi əmək münasibətlərinin monitorinqi və nəzarətin innovativ üsullarla aparılması tapşırılıb.

 

  Həmçinin pilot layihə çərçivəsində Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və onların inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini yaratmaq, aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olmaq və tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameralarının quraşdırılması da Monitorinq Mərkəzinin səlahiyyətlərinə aiddir.

 

24.07.2017