108

Çağrı mərkəzi

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin səyyar monitorinqlərinin başlamasından 2 il ötür

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tikinti subyektlərinə metodiki köməklik göstərilməsi vəzifəsini həyata keçirir.

Bu günə qədər Mərkəz tərəfindən həyata keçirilmiş 158 monitorinqdə 6120 nəfər yoxlanılıb və bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib.

Son 2 il ərzində Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında aparılan monitorinqlər öz müsbət nəticələrini verir. Əgər monitorinqlər başlanıldığı ərəfədə  çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin 34%-i rəsmi qeydiyyat olmadan çalışırdısa, hazırda bu göstərici 5%-ə qədər azalıb. Yalnız monitorinq edilmiş işəgötürənlər üzrə monitorinqlərdən sonra 78 663 əmək müqaviləsi imzalanıb.

Eyni zamanda, bir podratçı şirkət 2017-ci ilin sonunda orta hesabla rəsmi qeydiyyata alınmış 35 işçiyə malik idisə, hazırda bu göstərici 70 işçi təşkil edir ki, bu da 2 dəfə artım deməkdir.

Əmək və ya xidməti müqavilə olmadan işçi cəlb edən işəgötürənlərdən 90-ı üzrə inzibati cərimə və ya maliyyə sanksiyası tətbiq edilib, 4 işəgötürən üzrə əməldə isə cinayət tərkibinin olması müəyyən edilib və müxtəlif cəza və cərimə tədbirləri həyata keçirilib. Qeydə alınmış pozuntu halları üzrə ümumilikdə 1.5 milyon manat məbləğində cərimə və sanksiya tətbiq edilib.

Bu 2 il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 300-ə yaxın tikinti obyektində işçi və işəgötürənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilərək qeyri-formal məşğulluğu doğuran səbəblər müzakirə edilib, həll yolları təklif olunub və metodiki tövsiyələr verilib.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi işəgötürənlərə əmək müqaviləsi elektron formada rəsmiləşdirilərək hüquqi qüvvəyə minmədən işə işçi cəlb etməməyi, işçilərə əmək müqaviləsinin bağlanılmasını tələb etməyi və hər iki tərəfə əmək qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyə edir.

Səyyar monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

11.10.2019